Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi proseslərlə bağlı qanun pozuntuları barədə Ombudsman Aparatına hələ heç bir şikayət daxil olmayıb. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova deyib.
Onun sözlərinə görə, istər namizədliyin irəli sürülməsi, istərsə də MSK-da sənədlərin qəbulu, imzatoplama kampaniyası, namizədlərin qeydə alınması prosesi ilə bağlı heç bir şikayət və müraciət daxil olmayıb.
E.Süleymanova seçki prosesinin tam şəffaf, ədalətli və demokratik keçirilməsi istiqamətində Ombudsman Aparatının həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Ombudsman xüsusi diqqəti seçici siyahılarına yönəldib və hər kəsin hüququnun təmin olunması istiqamətində fəaliyyət göstərdiyini vurğulayıb: “Ölkədə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı intensiv iş aparılır. Əsas məsələlər seçici siyahıları və şəxsiyyət vəsiqələridir ki, bunlar da hazırda yüksək səviyyədə həll olunur.”