Yeni pensiya islahatları konsepsiyası ilə həyata keçiriləcək islahatlar nəticəsində pensiyaların baza hissəsinin strukturu dəyişdiriləcək. Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, bu gün vətəndaşın 12 il iş stajı varsa və pensiya yaşına çatıbsa, onun ilk növbədə baza hissəsinə hüququ yaranır. Amma bundan sonrakı mərhələdə belə olmayacaq: “Bu gün insanların ödədikləri sosial sığorta haqlarının yarısı onların fərdi hesablarına yığılır. Amma pensiya islahatlarından sonra onların tam məbləğdə ora yığılması nəzərdə tutulur. Belə olan halda onlar pensiyaya çıxanda öz hesablarına yığdığı vəsaiti pensiyaları üçün istifadə edəcəklər. Həmin şəxsin tez və ya gec pensiyaya çıxması vəsait baxımından heç nəyi dəyişməyəcək. Sadəcə vaxtında və ya daha gec çıxarsa, yığılan məbləğ daha aşağı rəqəmə bölünəcək və pensiya məbləği böyük olacaq, amma daha az müddətə. Lakin pensiyaya tez çıxarsa, yığılan məbləğ daha çox müddətə bölünəcək və pensiyanın məbləği az olacaq”.
S.Müslümov əlavə edib ki, hazırda bununla bağlı araşdırmalar davam edir və bir neçə ölkənin təcrübəsi öyrənilir. Son ümumiləşdirmədən sonra isə ortaya qoyulacaq təkliflər Prezident İlham Əliyevə təqdim ediləcək.
Trend.az