Xarici işlər naziri Edvard Nalbandyan unudur ki, Ermənistanın dövlət quruluşu terror üzərində yaradılıb və Ermənistan Azərbaycan ərazisində yüzlərlə terror aktı törədən ölkədir.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi mətbuat konfransında Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev E.Nalbandyanın İtaliyada rəsmi Bakının siyasətini tənqid edən bəyanatını şərh edərkən bildirib:
“Terrorçuları qəhrəman edən və onları gənc nəsillərə erməni xalqının qəhrəmanları kimi təqdim edən ölkənin başqa ölkələrə mənəviyyat öyrətmək haqqı yoxdur”.
O, qeyd edib ki, Ermənistanın sabiq Prezidenti Robert Koçaryanın “azərbaycanlılar və ermənilər etnik cəhətdən bir ola bilməzlər” fikrini xatırlatmaq lazımdır.
Abdullayev bildirib: “Məgər bu, ölkə hakimiyyətinin nüfuzuna zərbə vurmur? Həmçinin xatırlatmaq istəyirəm ki, indiki Ermənistan rəhbərliyi insanlığa qarşı törətdiyi cinayət – Xocalı soyqırımı ilə öyünürdü”.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi imkan düşən kimi qonşu ölkələr və xalqlar arasında nifaq toxumu səpir. Ksenofobiya bu ölkənin yüksək rəsmi dairələri tərəfindən təbliğ edilir.