Azərbaycan və Macarıstan bir sıra hökumətlərarası sazişlər imzalamağa hazırlaşırlar. Trend-in məlumatına görə, bunu bazar ertəsi iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Macarıstan biznes forumunda deyib.
Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq üçün möhkəm hüquq-müqavilə bazası yaradılıb, 30-dan çox sənəd imzalanıb: “Bu bazanın inkişafı üzrə işlər davam edir. İT, turizm, təhsil sektorlarında sahələrarası sazişlərin imzalanması barədə razılıq əldə olunub. Bundan başqa, nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiyalar sahələrində bir sıra ikitərəfli sənədlər müzakirə mərhələsindədir”.
Ş.Mustafayev qeyd edib ki, iki ölkə arasında əlaqələr sənaye, enerji, nəqliyyat, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühitin mühafizəsi, mədəniyyət, turizm və s. sahələrdə dinamik inkişaf edir: “Belə inkişafa səbəb 2013-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin 49 faiz artması olub”.
Biznes forumunda 150-yə yaxın şirkət iştirak edib.
Nazir iki ölkənin şirkətlərini sənaye, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə birgə layihələri müzakirə etməyə dəvət edib.