Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində Lixtenşteyn parlamentinin sədri Albert Frik ilə görüşüb.
Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədovun salamlarını və lixtenşteynli həmkarına ünvanladığı dəvət məktubunu Albert Frikə təqdim edən səfir Azərbaycanın Lixtenşteyn Knyazlığı ilə əlaqələrinə əhəmiyyət verdiyini diqqətə çatdırıb və Lixtenşteyn parlamentinin sədrinin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafına xüsusi töhfə verəcəyindən əminlik ifadə edib.
Lixtenşteyn Knyazlığının da Azərbaycanla əlaqələrini genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran Albert Frik dəvətə görə təşəkkürünü bildirib və onu böyük məmnuniyyətlə qəbul etdiyini söyləyib.
Görüşdə iki ölkə arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib və ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Əkrəm Zeynallı Albert Friki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqların hazırkı durumu barədə məlumatlandırıb.