Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Koreya Respublikası müdafiə nazirinin müavini Baek Seunq Joonu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri görüş zamanı Koreya ilə Azərbaycan arasında son illər əlaqələrin gücləndiyini və bu prosesin demək olar ki, bütün sahələri əhatə etdiyini bildirib. Hərbi sahədə əməkdaşlığın qurulmasının vacibliyini önə çəkən nazir artıq bu məqsədlə hərbi memorandumun imzalanmaya hazır olduğunu koreyalı qonağın diqqətinə çatdırıb.
Səfər Əbiyev bu sənədin tezliklə qüvvəyə minməsinin gələcəkdə hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açacağını xüsusilə vurğulayıb. Göüşdə, həmçinin hərbi təhsil sahəsində qarşılıqlı əlaqələrin yaradılması barədə müzakirələr aparılıb.
Geniş fikir mübadiləsi şəraitində keşən görüşdə hər iki regionda mövcud hərbi-siyasi vəziyyətə də toxunulub.
Görüşdə Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk İn də iştirak edib.