Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Krallığının xarici işlər naziri Uilyam Heyq ilə işçi nahar əsnasında görüşüb.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nahar ətrafında Azərbaycan ilə Böyük Britaniya arasında enerji və digər sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi, “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu və Azərbaycanın Aİ ilə əlaqələrinin gələcək inkişaf perspektivləri müzakirə edilib.
Uilyam Heyq “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması münasibətilə Azərbaycanı təbrik edib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına, xüsusilə NATO-nun Əfqanıstan əməliyyatına göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi barəsində məlumat verən nazir Elmar Məmmədyarov, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qalmasının regionun təhlükəsizliyinə başlıca təhdid olduğunu bildirib.
Görüşdə beynəlxalq və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.