Azərbaycan prezidenti: “XXI əsr türk dünyası əsri olmalıdır”

“Qədim İpək Yolunun bərpası reallıqdır”

Qəbələ. Rəşad Süleymanov-APA. “Azərbaycanın təşəbbüsü və dəstəyi ilə Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun yaradılması türkdilli ölkələrin mədəniyyətinə müsbət təsir göstərəcək”. APA-nın məlumatına görə, bu fikirləri Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Türkdilli xalqların mədəniyyətinin təbliğində TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirən prezident xalqlarının bir-birini daha yaxından tanımasının vacibliyini vurğulayıb. Dövlət başçısı bu qurumun türk dünyasının birləşməsinə xidmət göstərdiyini deyib.

Prezident bildirib ki, bundan əvvəl Naxçıvanda keçirilən görüşdə türkdilli dövlətlər arasında əməkdaşlığın formatı müəyyənləşdirilib: “Beynəlxalq təşkilatlarda türkdilli ölkələr daim bir birinə dəstək olur. Bu da təbiidir. Çünki qardaş xalqlar bir birlərinə daim dəstək olmalıdırlar. BMT, İƏT və digər beynəlxalq təşkilatlarda bir çox hallarda eyni mövqedən çıxış edirik. Bu da bizim gücümüzü artırır».

Azərbaycan prezidenti ölkələrin uğurlu inkişafı üçün qarşıda duran məsələlərdən birinin də regional təhlükəsizlik olduğunu bildirib: «Bizim ölkələrimiz regional təhlükəsizlik məsələlərinə öz töhfələrini verirlər. Bu çox vacib məsələdir. Biz elə etməliyik ki bölgəmizdə sülh, əmin-amanlıq təmin edilsin. Əfsuslar olsun ki Azərbaycan uzun illərdir erməni işğalından əziyyət çəkir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz pozulub, xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, bütün beynəlxalq hüquq normaları pozulub. Dağlıq Qarabağ münaqişəsinin tezliklə beynəlxalq hüquq normaları çərçivəsində həlli regional təhlükəsizliyə töhfə olacaq. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu gün qəbul olunacaq bəyannamədə məhz bu prinsiplər əksini tapıb”.

Prezident həyata keçirilən və keçiriləcək birgə iqtisadi layihələrdən danışıb. İ. Əliyev bildirib ki, bölgədə nəhəng infrastruktur layihələrinin tikintisi Azərbaycanda başlayıb: “Tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizi birləşdirilib. Azərbaycan artıq bizim qardaşlarımız, Xəzərin şərq sahilində yerləşən ölkələr üçün tranzit ölkə rolunu oynayır. Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə həm ikitərəfli, həm üçtərəfli formatda işlər həyata keçirilir. Onların sırasında Avropa və Asiyanı birləşdirən Bakı-Tiflis-Qars dəmir yolunu göstərə bilərəm. Bu dəmir yolu ölkələrimizə xidmət edəcək. Əminəm ki yaxın zamanlarda, gələn il bu layihənin istifadəyə verilməsini qeyd edəcəyik. Qədim İpək Yolunun bərpası reallıqdır».

Prezident digər islam ölkələri ilə müqayisədə türk dünyasında fərqli proseslərin getdiyini vurğulayıb: «Dünyanın müxtəlif yerlərində, əfsuslar olsun ki islam dünyasında vəziyyət fərqli istiqamətdə gedir. Qarışıqlar, vətəndaş müharibələri, xoşagəlməz hallar baş verir. Bizim türkdilli coğrafiyada isə inkişaf prosesi gedir. Bu, böyük sərvətdir. XXI əsr türk dünyası əsri olmalıdır. Biz bütün müsbət meylləri gücləndirməliyik”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO