Azərbaycan nümayəndəsi BMT Təhlükəsizlik Şurasının “Silahlı münaqişələr zamanı dinc əhalinin müdafiəsi” mövzusunda iclasında çıxış etmişdir

Dünya Humanitar Günü münasibətilə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Argentina tərəfindən “Silahlı münaqişələr zamanı dinc əhalinin müdafiəsi” mövzusunda bu qurumun iclası təşkil olunmuşdur.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, iclasda BMT-nin baş katibi Ban Gi Mun, təşkilatın insan haqları üzrə Ali Komissarı, humanitar məsələlər üzrə
baş katibin müavini və Beynəlxalq Qırmızı Xaç Komitəsinin direktoru brifinqlə çıxış etmişlər. İclasda humanitar məsələlər, insan haqları və qaçqınlar üzrə beynəlxalq hüququn tələblərinin yerinə
yetirilməsi, silahlı münaqişə zonalarında yaşayan dinc əhaliyə humanitar yardımların çatdırılması, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə cavabdehliyin artırılması və cinayətkarların
məsuliyyətə cəlb edilməsi üzrə beynəlxalq və milli sistemlərin gücləndirilməsi məsələləri müzakirə olunmuşdur.
Təhlükəsizlik Şurasının üzvü kimi iclasda çıxış edən Azərbaycan nümayəndəsi dünyanın bir sıra regionlarında davam edən silahlı münaqişələrdən dinc əhalinin ən çox əziyyət çəkdiyini, onların
müdafiə edilməsi istiqamətində yetərincə tədbirlərin görülmədiyini və onların ayrı-seçkiliyə məruz qaldıqlarını bildirmişdir. O, dinc əhalinin mühafizə edilməsi üçün münaqişə tərəflərinin müvafiq
beynəlxalq hüquqi öhdəliklərə əməl etməsinin müstəsna vacibliyini vurğulamışdır.
Azərbaycan nümayəndəsi dinc əhalinin müdafiəsi məsələsində ən böyük problemlər arasında cəzasızlıq və məsuliyyətsizlik mühitinin mövcud olmasını xüsusilə qeyd etmişdir. Diqqətə çatdırılmışdır ki, beynəlxalq ictimaiyyəti narahat edən ən ciddi cinayətlərə görə cəzasızlığın aradan qaldırılması və cinayətkarların məsuliyyətə cəlb edilməsi sülh, ədalət və barışığın bərqərar edilməsi, həmçinin cinayət
qurbanlarının hüquq və maraqlarının təmin edilməsi üçün həyati əhəmiyyət daşıyır. Təhlükəsizlik Şurası və regional təşkilatların məşğul olduğu münaqişələrin həlli prosesləri sülh və ədalətin effektiv
şəkildə birgə işləməsini təmin etməlidirlər. Sülh səyləri və razılaşmaları heç bir halda qanunsuz şəkildə gücün tətbiq edilməsi və müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və etnik təmizləmələr
kimi beynəlxalq hüququn digər kobud pozuntuları vasitəsilə nail olunmuş vəsiyyətləri qəbul etməməlidirlər.
İclasda Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, BMT-yə üzv olan dövlətlərin nümayəndələri də çıxışlar etmişlər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO