Bu gün Bakı Avrasiya Universitetində Cahangir Hüseyn Əfşarın müəllifi olduğu “Azərbaycan Nadir Əfşar Dövləti” kitabının türk dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Universitetin müəllim və tələbələri, tanınmış yazıçılar və digər qonaqlar iştiak edib.
Tədbirdə çıxış edən kitabın müəllifi bildirib ki, o, hüquqşünas olsa da, Azərbaycan tarixinin araşdırması ilə bağlı qarşısına məqsəd qoyub.
Müəllif bildirib ki, qeyd olunan kitabın yazılması üçün çoxlu araşdırmaların aparılmasına ehtiyac var idi: “Araşdırmaların aparılması məqsədilə İranda, Təbrizdə, İstanbulda, Bursada, Ankarada, Tiflisdə, Moskvada, o cümlədən, Vatikan arxivlərində araşdırmalar aparıb”.
Cahangir Hüseyn Əfşar bildirib ki, kitab nəşr olunduqdan sonra böyük oxucu kütləsi qazandı: “Kitabın bir nüsxəsini İstanbula göndərdik və böyük marağa səbəb oldu. Ümumiyətlə, İstanbulda Azərbaycan tarixinə böyük maraq var. Ona görə qərara gəldim ki, kitabı türk dilində də nəşr etdirim və oxuculara təqdim edim”.
Müəllif bildirib ki, kitabı yazmaqda əsas məqsədi Azərbaycan tarixini tanıtmaq və gənclər arasında təbliğ etməkdir.
Tədbirdə çıxış edən digər iştirakçılar da bildiriblər ki, bu kitab tariximizi qat-qat vərəqləyir və gənc nəsillər üçün bir istiqamət verir.
Qeyd edilib ki, kitab irsimizin öyrənilməsi və tariximizin tanıdılması istiqamətində çox böyük bir vəsaitdir.
Eyni zamanda, kitab bu gün müasir standartlara cavab verən və Azərbaycan yazıçılarının nəşr etdirdiyi kitablar sırasında öndə gedən kitablardan biridir.