ATƏT Parlament Assambleyasının (PA) payız sessiyasında Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan dövləti, erməni lobbisi və ASALA erməni terror təşkilatı tərəfindən təzyiqlərə məruz qalması, hədələnməsi ilə bağlı məsələ qaldırılacaq.
Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
O qeyd edib ki, insan hüquqları, təhlükəsizliyi və onun qorunması ilə bağlı ATƏT-in öhdəlikləri müzakirə olunursa, bu məsələyə də mütləq baxılmalıdır: “Ombudsmanın, insan hüquqlarını qorumalı olan bir müvəkkilin hədələnməsi, onun şəxsi həyatına təhlükə yaradılması ATƏT PA-da mütləq qaldırılacaq. Nəzər alsaq ki, Azərbaycan, Ermənistan və Moldova ATƏT-ə üzv ölkələrdir, bu halın baş verməsi təbii ki qurum tərəfindən pislənilməlidir. Moldovalı ombudsman obyektiv fikir söyləyib və kimsəni təhqir etməyib, buna görə onun təzyiqlərə məruz qalması ATƏT-ə üzv ölkələr üçün ciddi hüquq pozuntusudur”. B.Muradova onu da deyib ki, sessiya çərçivəsində Azərbaycanla yanaşı Moldova nümayəndə heyəti də bu məsələni qaldırmalıdır: “Çünki ATƏT-ə üzv olan bir ölkə (Ermənistan) digər üzv ölkənin (Moldova) insan hüquqları müvəkkilini ölümlə hədələyir”.
Xatırladaq ki, bu il iyulun 4-də İrəvanda Ermənistan parlamentində keçirilən “Dondurulmuş münaqişə ərazilərində insan hüquqlarının qorunması” adlı beynəlxalq konfransda ombudsman Aureliya Qriqoriu Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini bildirib. Bunun ardınca Ermənistan hökuməti, erməni lobbisi və ASALA erməni terror təşkilatı tərəfindən ombusdmana mütəmadi təzyiq və həyati təhlükəsizliyi ilə bağlı hədə kampaniyası başlayıb. O, təzyiqlərin davam edəcəyi təqdirdə Azərbaycanın ona sığınacaq verməklə bağlı etdiyi təklif barədə düşünəcəyini bildirib.