Sentyabrın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) oktyabrın 9-da baş tutacaq prezident seçkilərinə həsr edilən ümumi yığıncaq keçirilib.
İttifaqın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclası açıq elan edən ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə son zamanlar Azərbaycanın dünyanın tanıdığı, hörmət etdiyi, gündən-günə gözəlləşən, inkişaf edən ölkəyə çevrildiyini qeyd edib:
“Azərbaycan 22 ildir müstəqillik əldə edib və qısa müddətdə ölkəmiz böyük uğurlar qazanıb. Azərbaycanın yüksək səviyyədə inkişafı barədə dünyanın ən mötəbər kütləvi informasiya vasitələri mütəmadi olaraq bəhs edirlər. Bütün bunlar böyük öndər, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı – möhtərəm cənab Prezidentin son 10 ildə apardığı məqsədyönlü siyasətin nəticəsidir. Cənab Prezident işlərinin çoxluğuna baxmayaraq, hər zaman Azərbaycan mədəniyyətini, incəsənətini diqqət mərkəzində saxlayıb. Bu qayğının nəticəsidir ki, öz doğma məkanımız olan bu binanı uzun illərdən sonra cənab Prezident bizə qaytarıb. Möhtərəm Prezidentimizin müvafiq sərəncamı ilə bu bina əsaslı təmir edilib, müasir texnika, royallarla, fortepianolarla təmin olunub. 2009-cu il sentyabın 1-də cənab İlham Əliyev öz ailə üzvlərinin iştirakı ilə bu binanın əsaslı təmirdən sonra açılışını edib. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri, istər bəstəkarlar, istərsə də musiqişünaslar dövlət qayğısını həmişə hiss edirlər. ABİ-nin üzvləri mütəmadi olaraq Prezident təqaüdünə, fəxri adlara layiq görülürlər. İnanıram ki, ABİ-nin üzvləri vətəndaşlıq borclarını yerinə yetirərək seçkilərdə iştirak edəcək və yekdilliklə cənab İlham Əliyevə səs verəcəklər”.
Daha sonra söz alan tanınmış musiqişünas, xalq artisti, professor Ramiz Zöhrabov, bəstəkarlar – xalq artistləri Musa Mirzəyev, Faiq Sücəddinov, əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova, ABİ-nin katibləri, əməkdar incəsənət xadimi Zemfira Qafarova, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Aliyə Məmmədova, musiqişünaslar – sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmiraz qızı və əməkdar müəllim Natiq Vəliyev cıxışlarında cənab İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildirib və ona səs verəcəklərini vurğulayıblar.
Yığıncağın sonunda iclas iştirakçılarına müraciət təqdim olunub.
Müraciətdə deyilir: “Müasir dövrdə doğma vətənimizin həyatın bütün sahələrində inkişafı göz önündədir. Azərbaycan iqtisadi göstəricilərinə görə yüksək nailiyyətlər əldə edib. Ulu öndər Heydər Əliyevin 20 il bundan öncə xalqımızın tərəqqisi naminə başladığı məqsədyönlü siyasətin inkişaf kursu onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi Azərbaycan əmin-amanlıq və sabitlik şəraitində insanlara dinc həyat bəxş edib, uca kainatı – kosmosu belə fəth etməyə qadir ölkələr siyahısındadır. Son illərin möhtəşəm mədəni layihələri bu mühüm sahənin daim cənab Prezidentin diqqət mərkəzində olduğunu bariz surətdə nümayiş etdirir. Azərbaycan incəsənəti dünya miqyasında layiqincə təmsil və təbliğ olunur. Bu baxımdan hörmətli Prezidentimizin musiqi sənətimizin və bu sırada Bəstəkarlar İttifaqının, onun üzvlərinin rifahına yönəlmış taleyüklü qərar və sərəncamları xüsusi əhəmiyyətə malikdir. Biz heç vaxt unutmamalıyıq ki, İttifaqımızın öz tarixi binasına qayıtması, hamımız üçün əziz sayılan bu müqəddəs məbədin hazırkı gözəl siması bilavasitə hörmətli Prezidentimizin adı ilə bağlıdır. Bəstəkarlar İttifaqının 80 illik tarixində ilk dəfə olaraq məhz İlham Əliyevin sərəncamı əsasında İttifaqımızın üzvləri hər il xüsusi təqaüd almaq imkanı qazanıblar. Mübaliğəsiz demək olar ki, hazırda təşkilatımız özünün əsl intibah dövrünü yaşayır.
Bütün bu deyilənləri nəzərə alaraq, biz öz müraciətimizlə hazırkı Prezident seçkilərində yekdilliklə cənab İlham Əliyevin namizədliyini dəstəkləyir və ona böyük etimad bəslədiyimizi bildiririk. Bütün həmvətənlərimizi də bizimlə həmrəy olmağa və səslərini İlham Əliyevə verməyə çağırırıq”.
ABİ-nin uzvləri müraciəti ruh yuksəkliyi ilə və yekdilliklə qəbul ediblər. Bununla da iclas öz işini tamamlayıb.