Azərbaycanda ilk dəfə Uzunömürlülərin Yaradıcılıq Festivalı keçiriləcək

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 8-də Lerik rayonunda Uzunömürlülərin Yaradıcılıq Festivalı keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müstəqil Azərbaycanın tarixində ilk dəfə keçiriləcək bu festival respublikamızın uzunömürlülər diyarı kimi təbliğ edilməsi, ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması və stimullaşdırılması, regionlararası mədəniyyət mübadiləsinin gücləndirilməsi məqsədini daşıyır.

Lerik rayonunun uzunömürlü insanların yaşadığı bölgələrdən biri kimi məşhur olmasını, burada respublikada yeganə olan “Uzunömürlülər” muzeyinin fəaliyyət göstərməsini, festivalın regionun turizm potensialının gücləndirilməsi istiqamətində əhəmiyyətini nəzərə alaraq tədbirin Lerikdə keçirilməsi planlaşdırılıb.

Bir sıra janrlar – mahnı və muğam ifaçılığı, aşıq musiqisi, rəqs, sənətkarlıq, təsviri və tətbiqi sənət üzrə keçiriləcək bu festivalda kitab, foto və rəsm sərgilərinin təşkili, Azərbaycanın müxtəlif bölgələrindən – Lənkəran şəhər, Balakən, İsmayıllı, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarından yaşı 70-dən yuxarı olan yaradıcı insanların, uzunömürlülərdən ibarət “Rəfti”, “Nənələr” folklor kollektivlərinin, həmçinin respublikanın xalq artistləri Canəli Əkbərov, Teymur Mustafayev, Natəvan Şeyxova, Valeh Kərimov, əməkdar artistlər Zakir Əliyev, Azad Şükürov, Rafiq Seyidzadə və başqalarının iştirakı nəzərdə tutulub.

Festivalda “Salnamə” kinostudiyasının istehsalı olan “Əsrə sığmayan həyat” filmi nümayiş etdiriləcək, Azərbaycan mətbəxinin təbliği məqsədilə Milli Kulinariya Mərkəzi ilə birgə plov festivalı təşkil ediləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO