Azərbaycan ilə Malayziya arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Malayziya xarici işlər nazirinin ölkəmizə səfərinin Azərbaycan-Malayziya əlaqələrinin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

Nazirlər tərəfindən iki ölkə arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi məsləhətləşmələr mexanizminin intensivləşdirilməsi və müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyi vurğulanıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Malayziya tərəfinə minnətdarlığını ifadə edib.

Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal edildiyi, bir milyondan artıq Azərbaycan vətəndaşının öz doğma torpaqlarından qovulduğunu və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmənin törədildiyini deyən nazir 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilmədiyini diqqətə çatdırıb. O, BMT TŞ-nin qətnamələrində Ermənistanın silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının tələb olunduğunu xatırladıb.

Görüşdə Azərbaycan ilə Malayziya arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi barəsində fikir mübadiləsi aparılıb və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO