Avropa Şurası Nümayəndələr Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun iclasında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı AŞ-nın fəaliyyət planının yerinə yetirilmə vəziyyəti müzakirə olunub.
APA-nın Avropa bürosunun məlumatına görə, Azərbaycanın AŞ yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov çıxış edərək, ölkədə prezident seçkilərinə hazırlıq, görülmüş işlər barədə Nümayəndələr Komitəsinə ətraflı məlumat verib. O, Azərbaycan hökumətinin bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıqdan məmnun olduğunu bildirib. Müzakirələrdə AŞ Katibliyinin Demokratiya və Siyasi Məsələlər üzrə Baş Direktoru J. Loran və AŞ Baş katibinin ölkəmizdəki xüsusi nümayəndəsi V. Kotek çıxış edərək, Azərbaycanda prezident seçkiləri ilə bağlı Avropa Şurası Fəaliyyət Planının həyata keçirilməsində heç bir problemin olmadığını, onun səmərəli şəkildə həyata keçirildiyini, Azərbaycanın hakimiyyət qurumlarının Avropa Şurası ilə sıx əməkdaşlıq etdiklərini və hər iki tərəfin bu əməkdaşlıqdan məmnun olduğunu vurğulayıblar. Seçkilərlə bağlı ölkədə müxtəlif treninq və maarifləndirici tədbirlərin keçirilməsi və bu müstəvidə Azərbaycan hökumətinin bu seçkilərin ən yüksək səviyyədə, Avropa standartlara cavab verməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığı yüksək qiymətləndirilib. “Aqo” qrupunun rəhbəri Stelian Stoyan Fəaliyyət Planının qüsursuz həyata keçirilməsini alqışladığını, bunun Azərbaycanda ədalətli seçki keçirməyə kömək edəcəyinə ümidvar olduğunu bildirib. Bununla yanaşı, o, bütün üç Cənubi Qafqaz ölkəsinə müxalifətin seçkilərə iştirak etməməsini, onların siyasi oyun qaydalarından xəbərsiz olmaları kimi səciyyələndirdiyini və bu səbəbdən, Avropa Şurasına müxalifətə bu sahədə treninq keçirilməsini də məsləhət bilib. Müzakirələrdə çıxış edən Venesiya Komissiyasının katibi Canni Bukikkio, Fransa, Böyük Britaniya, Norveç, Rusiya və Moldova nümayəndələri Azərbaycanda seçkiqabağı proseslərin normal keçdiyini, treninqlərin və maarifləndirici tədbirlərin keçirilməsini, seçkilərə çoxlu sayda beynəlxalq müşahidəçilərin dəvət edilməsinin, Azərbaycanın Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığını və Fəaliyyət Planına önəm verilməsinin hökumətin ədalətli seçkilər keçirməkdə maraqlı olduğuna dəlalət etdiyini təqdirəlayiq hal kimi qiymətləndiriblər.