Yanvarın 26-dan 30-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıyeva, Qənirə Paşayeva və Sabir Hacıyev daxildirlər, sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, İnsan Haqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi, Qəzzadə vəziyyət, Gürcüstan və Rusiya arasında müharibənin nəticələri, qlobal maliyyə böhranı, elektron demokratiya, ətraf mühitin vadar etdiyi miqrasiya, Assambleyanın qətnamələrinin yerinə yetirilməsi vəziyyəti və digər mövzularda müzakirələr aparılacaq. İclaslarda nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.