Avropa Şurasının Baş Katibi Terri Devis İlham Əliyevi yenidən Azərbaycan Respublikasının prezidenti seçilməsi münasibətilə təbrik edib. Bu barədə Trend News-a cümə günü Azərbaycanın AŞ yanındakı Daimi Nümayəndəliyindən məlumat verilib. Trend News-un arayışı: Azərbaycanın yeni seçilmiş prezidenti İlham Əliyevin cümə günü Heydər Əliyev adına sarayda andiçmə (inauqurasiya) mərasimi keçirilib. Prezidentin andiçmə mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili, Rusiya hökuməti aparatının rəhbəri Sergey Narışkin, Polşa Prezidenti Aparatının rəhbəri Pyotr Kovnatski, Türkiyə Baş nazirinin müavini Cəmil Çiçək, Ukrayna xarici işlər nazirinin müavini Konstantin Yeliseyev iştirak edib. Azərbaycan prezidenti Azərbaycan Respublikasının Konstitusiyası və müqəddəs kitab Qurana and içib. Azərbaycanın Konstitusiya Məhkəməsi çərşənbə günü prezident seçkisinin nəticələrini rəsmən elan edib. Azərbaycanda prezident seçkisi oktyabrin 15 – də keçirilib. Seçkinin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev digər namizədlərdən çox səs toplayıb – 88.73 faiz. Ümid Pariyasının sədri İqbal Ağazadə – 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu – 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli – 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev – 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 0,65 faiz səs toplayıb. And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti 15 min manat məbləğində aylıq vəzifə maaşı alır. Təbrik məktubunda prezident İlham Əliyevin Azərbaycan Respublikasının demokratiya yolunda yorulmaz islahat və səyləri davam etdirəcəyinə inam və bu siyasətin AŞ tərəfindən dəstəklənəcəyi, eyni zamanda, Avropa Şurasının Azərbaycanla gələcək əməkdaşlığa hazır olduğu da vurğulanıb.