Ötən il Avropa İnsan Haqları Məhkəməsində (AİHM) ümumilikdə 2395 şikayətə baxılıb. APA-nın Strasburq bürosunun xəbərinə görə, məhkəmə 1625 işin mahiyyəti üzrə qərar çıxarıb. APA-nın Strasburq müxbirinin məlumatına görə, məhkəmənin illik hesabatına görə, qəbul olunmayan şikayətlər, eləcə də işin şikayətlər siyahısından çıxarılması haqda 33 065 qərar qəbul olunub ki, bu da 2008-ci illə müqayisədə 10 000 iş artıqdır. Ötən il bəzi üzv ölkələrin Protokol 14bis və Madrid razılaşmasını qəbul etmələri, məhkəməyə yalnız bir hakim tərəfindən çıxarılan 2 230 qərar qəbul etdirməyə imkan yaradıb.
Avropa Məhkəməsinə gələn şikayyətlərin sayının hər il çoxalması tendensiyasına əlavə olaraq, öncəki illər ərzində yığılan şikayətlərin baxılması problemi də həll edilməmiş qalır. Belə ki, 2009-cu ildə məhkəməyə ümumilikdə 57 100 şikayət daxil olunub və baxılması üçün qurumun müvafiq bölmələrinə göndərilib. Bu da 2008-ci ilə nisbətdə 15% artım deməkdir. Bundan başqa, AİHM-də qərar çıxarılması gözlənilən işlərin sayı da 119 300-ə çatmaqla, 2008-ci ilə nisbətən 23% artıb.
Ümumən baxılması planlaşdırılan işlərin 56% yalnız dörd ölkəyə (Rusiya, Türkiyə, Ukrayna və Rumıniya) qarşı olan şikayətlərdən ibarətdir. Yerdə qalan 44% şikayət isə Konvensiyaya üzv olmuş digər 43 üzv ölkə ilə bağlıdır. AİHM-nin ötən il üçün ayrılan büdcəsi 2008-ci ilə nisbətdə demək olar ki dəyişməz olaraq qalıb. Ötən ilki büdcə 56,62 milyon avroya yüksəlib. Qeyd edək ki, Konvensiyanın 50-ci maddəsinə uyğun olaraq, məhkəmənin fəaliyyətinə sərf olunan vəsait Avropa Şurasının ümumi büdcəsindən ayrılır.