Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyələşdirilən layihə çərçivəsində, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarları” adlı toplu, 500 səhifə, 1500 tirajla Azərbaycan Hüquqşünasları Konfederasiyaı (AHK) tərəfindən nəşrə tam hazırlanıb.
Bu barədə Lent.az-a AHK-nin mətbuat xidmətindən məlumat verilib. Topluda 2007-ci və 2008-ci illəri əhatə edən 130-dan çox qərarı özündə əks etdirir.
Toplu Prezidentin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun və ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun ön sözü ilə nəşr olunacaq. Toplunun redaktoru İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü Çingiz Əsgərov, nəşrə məsul şəxs isə Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilovdur.
10 dekabr İnsan Hüquqları günü münasibəti ilə toplunun təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Toplu geniş hüquq ictimaiyyəti arasında pulsuz yayılacaq.
“İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının dərci məhkəmələrin və hakimlərin fəaliyyətində Avropa Məhkəməsinin təcrübəsinin daha səmərəli şəkildə öyrənilməsi, təbliği və məhkənə təcrübəsində istifadə olunmasının təmin edilməsinə dəstəkdir” – deyə, AHK-nin açıqlamasında bildirilib.