İtaliyanın Roma şəhərində Avropa ölkələrinin Penitensiar xidmət rəhbərlərinin 17-ci növbəti konfransı keçirilib. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanı Penitensiar xidmətin rəisi Mədət Quliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Konfransın əsas məqsədi Avropa ölkələrinin Həbsxana və Probasiya xidmətləri nümayəndələrinin iştirakı ilə Penitensiar xidmət üzrə mövcud problemlərin müzakirəsi, müsbət təcrübənin və iş metodlarının mübadiləsi, Avropa standartlarının tətbiqi, cəzadan azad olunma və cəmiyyətə inteqrasiyaya dair istiqamətlərin müəyyənləşdirilməsi olub.
“Əcnəbi məhkumlar” mövzusunda keçirilən konfransda əsas diqqət əcnəbi məhkumların islah edilməsi, onların azadlığa hazırlaşdırılması, azad cəmiyyətə inteqrasiya olunmasında həbsxana və probasiya xidmətlərinin rolunun müzakirəsinə yönəldilib.
Tədbir çərçivəsində Həbsxana idarələri və probasiya xidməti rəhbərlərinin Avropa hakimləri və prokurorları ilə görüşü keçirilib.
Səfər zamanı konfransın digər iştirakçıları ilə yanaşı Azərbaycan nümayəndə heyətini də Roma Papası 16-cı Benedikt qəbul edib. Qəbul zamanı nümayəndə heyətinin rəhbəri Mədət Quliyev Roma Papasına qəbula görə öz minnətdarlığını bildirib və ədliyyə naziri Fikrət Məmmədovun adından ona xatirə hədiyyələri təqdim edib.
APA.az