Azərbaycanda 2013-cü ildə keçiriləcək prezident seçkiləri və demokratiyanın dəstəklənməsi ilə bağlı Avropa İttifaqı Nümayəndəliyi Aİ-yə üzv dövlətlərin Azərbaycandakı missiya rəhbərləri ilə birgə razılıqda və Amerika Birləşmiş Ştatlarının, Norveç Krallığının diplomatik missiyaları ilə birlikdə bəyanatla çıxış edib. Trend-in məlumatına görə bu barədə Aİ-nin Bakı Ofisindən bildirilib.
Bəyanatda deyilir ki, seçkilərin yaxınlaşdığını nəzərə alaraq, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi seçki prosesinin hamı üçün açıq, şəffaf və etibarlı şəkildə keçməsini ürəkdən arzulayır və buna ümid edir.
“Azərbaycanın hazırda BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu və növbəti il Avropa Şurasında Sədrlik edəcəyi baxımından, aşağıdakı aspektlərin mühümlüyü daha da artır və onlar daha çox ictimai xarakterə malik olur:
Demokratik siyasi ifadə və sərbəst toplaşmaq azadlığının reallaşması məqsədilə azad və açıq məkanın fəaliyyət göstərməsi üçün biz hökuməti zəruri şərait təmin etməyə çağırırıq.
Biz hökuməti cəmiyyətin bütün dairələrini, o cümlədən müstəqil qeyri-hökumət vətəndaş cəmiyyəti təşkilatlarını konstruktiv dialoqa cəlb etməyə çağırırıq.
Seçkilərin hamı üçün açıq, şəffaf və açıq şəkildə keçməsini dəstəkləmək üçün hökumətin beynəlxalq tərəfdaşlarla, xüsusilə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə yaxından işləməsini tövsiyə edirik”.
Sözügedən bəyanatda qeyd olunur ki, Aİ hər zaman olduğu kimi, hökumətin göstərdiyi səyləri və seçki prosesinin hamı üçün açıq, tam şəffaf və etibarlı şəkildə hazırlanması və təmin edilməsi üçün hər bir tərəfin atacağı addımı hökumətlə konstruktiv dialoqda müzakirə etmək arzusunda olan vətəndaş cəmiyyəti üzvlərinin cəhdlərini dəstəkləməyə hazırdır.