Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, Avropa Azərbaycanlıları Konqresi (AAK) oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, bu seçkilər Avropada yaşayan bütün azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Qərargahı Almaniyanın Berlin şəhərində yerləşən AAK İcraiyyə Komitəsinin üzvləri bu seçkilərin Azərbaycan tarixinə demokratik inkişafın növbəti mərhələsi kimi daxil olacağına və səsvermə hüququna malik ölkə vətəndaşlarının ən layiqli namizədə səs verəcəklərinə dərin inamını ifadə edirlər.
Təşkilat, həmçinin xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarını seçkilərdə fəal iştirak etməyə çağırmaqla yanaşı, öz növbəsində, Avropa dövlətlərinin ərazilərində məskunlaşmış vətəndaşlarımızın səfirlik və konsulluqlarda təşkil olunmuş seçki məntəqələrinə gələrək səs vermələri üçün tədbirlər görməyi planlaşdırır.