Avropa Komissiyası cümə axşamı Azərbaycana yeni maliyyə vəsaitlərinin ayrılması barədə bildirib. Vəsaitlər Avropa İttifaqı ilə ikitərəfli münasibətlərə cavabdeh olan institutlarda, xüsusilə ədliyyə və miqrasiya sahələrində islahatların aparılmasını dəstəkləmək məqsədilə ayrılır. Bu barədə Avrokomissiyanın yaydığı press-relizdə bildirilir. Ayrılan maliyyə dəstəyi Aİ-Azərbaycan fəaliyyət planı çərçivəsində razılaşdırılmış tədbirlərin, o cümlədən Azərbaycan vətəndaşları tərəfindən vizaların alınması prosesinin optimallaşdırmasının həyata keçirilməsinə xidmət edəcək.
Regional, sosial və iqtisadi fərqlərin azaltmaq və yeni iş yerlərinin açılması yolu ilə inkişaf üçün imkan yaratmaq məqsədilə regional inkişafın dəstəklənməsi də davam etdiriləcək. Aİ-nin dəstəyi regionların sosial-iqtisadi inkişafı sahəsində siyasi məsləhətlər, yardım göstərilməsi, təlim və ya treniqlər şəklində göstəriləcək.
Aİ-nin 2012-ci il üçün Azərbaycan üzrə İllik fəaliyyət proqramında 19,5 milyon avronun ayrılması nəzərdə tutulur. Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti vasitəsilə ayrılacaq bu yardım Avropa qonşuluq siyasətinin Fəaliyyət planında göstərilən prioritetlərin və institusional islahatların həyata keçirilməsinə yönəldiləcək.