AVİF qalibləri mükafatlandırdı

“Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda rəsm, heykəl və dekorativ sənət əsərləri üzrə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb. Müsabiqə Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatı ilə birlikdə velosiped idmanının inkişafına töhfə vermək məqsədilə keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, iki ay öncə start verilən müsabiqəyə ümumilikdə 200-ə yaxın yaradıcı insan öz əsərini təqdim edib ki, onların da içərisində paytaxt sakinləri ilə yanaşı, respublikanın müxtəlif regionlarının təmsilçiləri də var. Ən yaxşı sənət əsərlərini isə xalq rəssamı Ağaəli İbrahimovun başçılıq etdiyi münsiflər heyəti müəyyənləşdirib.

Qaliblərin adı “Park Bulvar” AVM-də təşkil edilən sərginin açılış mərasimində elan edilib. Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, veteran və gənc velosipedçilər, həmçinin bədii yaradıcılığa həvəsi olan insanlar iştirak ediblər. Tədbirdə çıxış edənlər sərginin əhəmiyyətindən danışaraq qeyd ediblər ki, burada nümayiş olunan əl işləri sağlamlığı və idmanı özündə birləşdirir. O da vurğulanıb ki, Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən ölkəmizdə ilk dəfə keçirilən bu sərgidəki əl işləri Heydər Əliyev Fondu tərəfindən xarici ölkələrdə keçiriləcək sərgilərdə nümayiş etdirilə bilər. Bu isə sağlam həyat tərzinin və idmanın təbliğində böyük rol oynayır.

Münsiflər heyətinin seçiminə əsasən 1-ci yerə Şəmsəddin Böyükdüzlünün əl işi layiq görülüb. Rahib Qarayev və Vüqar Ağayev isə öz yaradıcılıq işlərinə görə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar. Ən yaxşı 3 əsərin müəllifi müvafiq olaraq 500, 300 və 200 manat məbləğində pul mükafatı ilə təltif ediliblər. Bundan başqa, 20 əsərin müəllifi də həvəsləndirici mükafatlara layiq görülüb. Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, xalq rəssamı A.İbrahimov, Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər Təşkilatının sədri İsmayıl İsmayılov və Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin müdiri Ziyadxan Əliyev təqdim ediblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti S.Ələkbərov mətbuata müsahibəsində bildirib ki, uzun müddət Azərbaycanda velosiped idmanı lazımi şəkildə təbliğ edilməyib: “Amma Fazil Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasına rəhbərlik etməyə başlayandan federasiyada böyük işlər görülüb”.

O, qeyd edib ki, Azərbaycanda velosiped idmanının inkişafı üçün vacib və mənəvi baza yaradılmasına nail olunub. İdmanda yaxşı nəticələrin əldə olunması kütləvilikdən keçir. Kütləviliyə nail olmaq üçün isə idmanın hər bir növünü, o cümlədən velosipedi də populyarlaşdırmaq lazımdır. “Velosiped idmanı gənc rəssamların gözü ilə” mövzusunda keçirilmiş müsabiqə də məhz buna xidmət edir: “Təşəbbüs Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən irəli sürülüb. Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəssamlıq Akademiyası və onun rəhbərliyi bu təşəbbüsü dəstəkləyiblər. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi də çox fəal şəkildə bu tədbirə qoşulublar. Sərgiyə 2 ay müddətində 200-ə yaxın işin təqdim olunması onu sübut edir ki, biz istədiyimiz nəticəni ala bildik”.

S.Ələkbərov bildirib ki, müsabiqəyə qəbul edilmiş əsərlərin sərgiləndiyi məkan da çox düzgün seçilib. Bura daim insanların gediş-gəlişi olan yerdir. Onlar bu məkanda istirahət edərkən velosiped idman növü ilə də tanış ola biləcəklər. Federasiya əməkdaşları, o cümlədən həmin işlərin müəllifləri isə onlara öz əsərləri barədə məlumat verəcəklər. Bu da velosiped idman növünün populyarlaşması üçün böyük rol oynayacaq: “Hesab edirəm ki, qarşımıza qoyulan məqsədə çatmışıq. Gələcəkdə belə tədbirlərin davamlı olaraq keçirilməsini planlaşdırırıq. Mətbuat nümayəndələrinin bu tədbirlərin işıqlandırılmasında rolu çox böyükdür və buna görə onlara öz dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, müsabiqəyə qəbul edilmiş ən yaxşı əsərlər dekabr ayının 31-dək “Park Bulvar” AVM-də sərgilənəcək.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO