ATƏT-ə üzv dövlətlərin səfirləri azərbaycanlı icmanın üzvləri ilə görüşüb

“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında ATƏT-ə üzv ölkələrin səfirlərinin icmanın İdarə Heyətinin üzvləri, icmanın sədri Bayram Səfərov, İcmanın Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və eləcə işğal altında olan ətraf rayonlardan olan nümayəndələrin iştirakı ilə görüş keçirilib. Birlikdən APA-ya verilən məlumata görə, görüşü giriş nitqi ilə icmanın sədri Bayram Səfərov açaraq, konfliktin tarixi və onun nəticələri barədə görüş iştirakçılarına məlumat verib. Artıq iyirmi ildir ki, münaqişənin həllinə çalışan beynəlxalq qurumların ikili standartlara yol verdiyini və konfliktin həllində qətiyyətli mövqe göstərmədiklərini iştirakçıların diqqətinə çatdıran Bayram Səfərov bu konfliktin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna biləcəyini xüsusi qeyd edib.
Görüşdə iştirak edən Norveçin ATƏT-dəki səfiri Robert Kvile iki gün öncə ATƏT səfirlərinin Ermənistana səfərinin olduğu və artıq iki gündür Azərbaycanda olduqları barədə informasiya verərək qeyd edib ki, Ermənistanda da olduqları zaman Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub.
Görüşdə həmçinin Fransanın ATƏT-dəki səfiri François Alabrune çıxış edərək qaçqın və məcburi köçkünlərin bugünkü durumundan xəbərdar olduqlarını və bu konfliktin həll olunmasında tərəflərin görüşlərinin keçirilməsi və ortaq təmas nöqtəsinin tapılmasının vacibliyini vurğulayıb. Eyni zamanda səfir xüsusi olaraq qeyd edib ki, konfliktin həllində yeni bir mərhələyə və konflikti mövcud durumdan daha da irəliyə aparmamaq üçün işğal olunmuş rayonlardan olan məcburi köçkünlərin ən qısa zamanda öz torpaqlarına qaytarılması vacib şərtdir.
Görüşdə iştirak edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov beynəlxalq qurumları ikili standartlara son qoyaraq, konfliktin konstruktiv həll olunması və köçkünlərin yaxın zamanda öz doğma yurd yuvalarına qayıtmasının təmin edilməsinin hər bir azərbaycanlının arzusu və istəyi olmasını dilə gətirib.
Görüşdə iştirak edən millət vəkili Elman Məmmədov əslən Xocalı şəhərindən olduğunu qeyd edərək bildirib ki, Xocalıda törədilən vəhşiliklərin şəxsən şahidi olub və bu ağrı acını bu günə qədər nəinki Xocalıdan olan, eləcə də digər soydaşlarımızın hələ də yaşadıqlarını vurğulayıb. Millət vəkili ATƏT səfirlərinin simasında bütün dünya birliyini bu vəhşiliyə, soyqırımına layiqli hüquqi qiymət verməyə çağırıb.
Görüşdə iştirak edən digər üzv ölkələrdən Luksemburg, Yunanıstan, İsveçrə və Türkiyənin səfirləri çıxış edərək konfliktin həlli ilə bağlı öz fikir və təkliflərini irəli sürüb.
Görüşdə, həmçinin icmanın analitik şöbəsinin rəhbəri Elçin Əhmədov və beynəlxalq əlaqələr şöbəsinin gənclərlə iş üzrə eksperti Ayaz Salmanov da iştirak ediblər.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO