Türkmənistanda ATƏT-in təşəbbüsü və dəstəyi ilə məişət zorakılığı məsələləri üzrə “qaynar xətt” rəsmən açılıb. ATƏT mərkəzinin press-relizində deyilir ki, həftənin hər günü, təxminən yarım gün ərzində açıq olan telefona zənglər yerli ictimai təşkilatlardan birinin məsləhətçiləri tərəfindən qəbul ediləcək. Nömrə reklam vərəqələrinin köməyi ilə yayılacaq.
“Qaynar xətt” məişət zorakılığının qurbanlarına kömək göstərəck, eləcə də məişət zorakılığı ilə mübarizə və onun qarşısının alınmasının zəruriliyi barədə məlumatlılığın artırılmasına kömək edəcək”, – ATƏT-in Aşqabad mərkəzinin rəhbəri, səfir Arsim Zekolinin bəyanatında qeyd edilir.
ATƏT-in dəstəyi ilə yerinə yetirilən bu layihə çərçivəsində hüquqi məsələlər üzrə pulsuz məsləhətlər keçiriləcək və məişət zorakılığı qurbanlarına psixoloji kömək göstəriləcək. Planda həmçinin ictimaiyyətin məişət zorakılığı barədə məlumatlılığının artırılması məqsədilə seminarlar keçirilməsi də nəzərdə tutulub.