ATƏT Azərbaycanda Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti proqramının icrasına başlayıb. APA-nın məlumatına görə, bununla əlaqədar bu gün ATƏT-in Bakı Ofisində vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. Vətəndaş cəmiyyətinin təhlükəsizlik və ətraf mühitlə bağlı təşəbbüslərini dəstəkləyən proqram “Statoil” şirkəti və Avstriya hökuməti tərəfindən maliyyələşdirilir.
ATƏT-in Bakı Ofisinin rəhbərinin müavini Melissa Stoun ATƏT-ə üzv ölkələrdə stabillik və çiçəklənmə baxımından təhlükəsizlik və ətraf mühit məsələlərinin böyük önəm daşıdığını bildirib.
Görüşdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Amil Səfiyev bildirib ki, nazirlik də ətraf mühitin mühafizəsi ilə bağlı analoji proqramlar həyata keçirir. O, Xəzərin ekoloji durumunun yaxşılaşdırılması, Bibiheybətdə neftli torpaqların təmizlənməsi, kanalizasiya sisteminin inkişafı kimi proqramların mövcud olduğunu bildirib. Amil Səfiyev qeyd edib ki, Azərbaycanda növbəti il ekologiya sahəsi prioritet fəaliyyət sahəsi olacaq.