ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 10-da Azərbaycan Respublikasının Füzuli-Horadiz yolunun yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend News-a Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çontulov keçirəcəklər. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik və onun səhra köməkçiləri İrci Aberle, Piter Ki və Caslan Nurtazin keçirəcəklər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.