“Ötən ay Dubrovnikdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT Parlament Assambleyasının bu məsələ üzrə xüsusi nümayəndəsinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair keçirilən diskussiyalar ATƏT-in münaqişələrin nizamlanması ilə bağlı fəaliyyətə sadiq qaldığını göstərir”. Bu fikirləri ATƏT parlament Assambleyasının prezidenti Petros Eftimiu ATƏT Daimi Şurasının Vyanada keçirilən iclasında çıxışı zamanı deyib.
ATƏT PA prezidenti bildirib ki, münaqişələrin sülh yolu ilə nizamlanmasına dair razılaşmaları hökumətlər qəbul edir: “Lakin bu razılaşmalara ictimaiyyətin dəstəyini parlament üzvləri təmin edirlər. Diplomatik proseslərdə qarşılıqlı anlaşmanın əldə olunmasına, ATƏT-in sülhün əldə olunmasına dair fəaliyyəti barədə ictimaiyyətə məlumat verilməsinə millət vəkilləri köməklik göstərirlər”.
Xatırladaq ki, oktyabrın 8-də Dubrovnikdə ATƏT Parlament Assambleyasının payız sessiyası keçirilib. Sessiyada ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Joao Suareşin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair dinləmələr keçirilib.