Rəbiyyət Aslanova əsrin əvvəlindən danışan erməni deputatlara Ermənistanın bugünkü paytaxtının tarixindən başlamağı təklif edib
ATƏT Parlament Assambleyasının iclasında qurumun sədri Qoran Lenmarkerin Azərbaycan, Gürcüstan və Ermənistan nümayəndə heyətləri ilə birgə görüşü olub. Görüşdə regiondakı vəziyyət müzakirə edilib. Azərbaycanı ATƏT Parlament Assambleyasının iclasında təmsil edən nümayəndə heyətinin üzvü, millət vəkili Rəbiyyət Aslanova ANS-ə bildirib ki, görüş gərgin keçib. Çünki Ermənistan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsinin 3+3 formatında həllini təklif edib. “Burda belə bir iddia irəli sürülür ki 3 ölkə deyil, burda əlavə qurumlar, digər qurumların nümayəndələri də iştirak etsin. Biz öz qəti mövqeyimizi ortaya qoyduq və bunu bütün beyənlxalq təşkilatlara da çatdıracağımızı bəyan etdik”.
Lakin mübahisələr Qoran Lenmarkerin 3 ölkənin nümayəndələri ilə keçirdiyi görüşdə bitməyib. ATƏT Parlament Assambleysının sədri ümumi iclasda Qafqazdakı vəziyyətə dair məruzə edib. O, Dağlıq Qarabağ münaqişəsinə dair hazırladığı hesabatın ümumi müddəalarını açıqlayıb. Azərbaycan nümayəndə heyətinin münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyi ilə bağlı münasibəti isə qalmaqal yaradıb. Ermənistan nümayəndə heyətinin üzvü çıxışında bildirib ki, əsrin əvvələrində millətlər liqası Dağlıq Qarabağ ərazisini mübahisəli ərazi adlandırıb. Azəpbaycan nümayndə heyəti isə buna cavab olaraq iclasda Xocalı soyqırımı faktı ilə bağlı çıxış edib. “Sırf təhrif olunmuş faktlar idi. Həmkarlarıma müraciət etdim. Mən də həmin gecə qətlə yetrilmiş insanlar haqda danışdım. Məgər bu terror deyilmi? Məgər bu insanların qətlə yetirilməsi erməni vəhşiliyindən danışmır? Dedim əsrin əvvəlindən danışırsınızsa gəlin danışaq. Bu gün sizin paytaxtınız olan Yerevan İrəvan xanlığının mərkəzi olub. Bundan başlayaq”.
Fransa Xarici İşlər Nazirliyində siyasi və təhlükəsizlik məsələləri üzrə direktorun müavini Veronik Bujon-Barr isə deyib ki, yaxın keçmişdə baş vermiş hadisələrdən sonra Avropada etimad böhranı hökm sürür, Gürcüstan münaqişəsi, Cənubi Osetiya və Abxaziyanın birtərəfli tanınması və qaz nəqlindəki problemlər isə həmin böhranı daha da dərinləşdirib. Ona görə də ən önəmli olan Avropada qarşılıqlı etimadın gücləndirilməsinə səy göstərilməsi və Avropanın gələcək təhlükəsizliyi barədə birgə düşünülməsidir. Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova isə deyib ki, rəsmi Bakı Avropa məkanında təhlükəsizliyin gücləndirilməsi məqsədilə təklif edilən hər bir təşəbbüsü müzakirə etməyə hazırdır. Lakin bu zaman bir neçə dövlətin maraqlarını təmin etmək üçün digər dövlətlərin maraqları tapdanmamalıdır. Bahar Muradova bildirib ki, dövlətlərin ərazi bötüvlüyü gözlənilmək şərti ilə həmin ölkədə yaşayan milli azlıqların hüquqları ən yüksək səviyyədə qorunmalıdır. Azərbaycan güc tətbiqi ilə dövlətlərin ərazilərinin işğala məruz qalmasını hüquqa zidd hesab edir və bunu qətiyyətlə pisləyir. Qeyd edək ki, ATƏT Parlament Assambleyasının iclası bu gün başa çatıb.