Fevralın 20-də ATƏT Parlament Assambleyasının Vyanada keçirilən qış sessiyasının işində iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) rəhbəri, səfir Yaneş Lenarçiçlə görüşmüşdür.
A.Quliyev Şuranın yaranması, tərkibi, son bir ildə gördüyü işlər və QHT-lərin proqram və layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi haqqında səfirə ətraflı məlumat vermişdir. Daha sonra gündəlikdə olan Bakıda Cənubi Qafqaz və Orta Asiya üzrə QHT İdaretmə Məktəbinin yaradılması, “Vətəndaş cəmiyyətinin inkişafı: qazanılmiş təcrübə və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransın keçirilməsi, Azərbaycanın regionlarında QHT infrastrukturunun inkişafı və Şuranın ayırdığı maliyyənin səmərəli monitorinqinin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfir Y.Lenarçiç Azərbaycanda vətəndaş cəmiyyəti sahəsində hökumətin gördüyü müsbət işləri, xüsusilə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını, Şura tərəfindən 2008-ci ildə QHT layihələri üçün 1,5 milyon ABŞ dollarının ayrılmasını, 2009-cu ildə isə bu rəqəmin 3 milyona çatdırılmasını çox yüksək qiymətləndirmişdir. Eyni zamanda, o, Şuranın vətəndaş cəmiyyətinin gücləndirilməsinə xidmət edən çox maraqlı təkliflərlə çıxış etdiyini alqışladığını və bu təkliflərin ATƏT-in mandatına tam uyğun olduğunu qeyd etmişdir.
A.Quliyev qeyd olunan 4 təklif haqqında layihə sənədlərini səfirə təqdim etmiş və səfir də öz növbəsində qısa zaman ərzində bu məsələlər haqqında DTİHB-nin mövqeyinin Şuraya göndəriləcəyini bildirmişdir.
Daha sonra Şuranın sədri A.Quliyev ATƏT Katibliyinin xarici əlaqələr bölməsinin rəhbəri Aleksandr Pavlyuk ilə görüşmüş və onunla da eyni məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. ATƏT-in Azərbaycanda gedən ictimai-siyasi proseslərə böyük maraq göstərdiyini və Şura ilə əməkdaşlığa hazır olduğunu bildirən bölmə rəhbəri görüş haqqında ATƏT-in Bakı ofisinə məlumat ötürəcəyini və qeyd edilən təkliflərin həyata keçirilməsi prosesinə öz töhfəsini verəcəyini vurğulamışdır.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri
Vyana