ATƏT-in Azərbaycanda seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyası ilk hesabatını açıqlayıb
APA-nın məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycan keçiriləcək prezident seçkilərində iştirak etmək üçün 7 namizəd qeydə alınıb, 3 nəfərin namizədliyinin qeydə alınmasından imtina edilib, bir neçə müxalifət partiyası isə ya seçkilərdə iştirak etməmək və ya boykot yolu tutub. Sənəddə Azərbaycanın Seçki Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin, əsasən, Avropa Şurası Venesiya Komissiyasının və ATƏT-in tövsiyələrinə cavab verdiyi qeyd olunur.
Sənəddə seçki komissiyalarının tərkibinin tam formalaşdırılmadığı, müxalifətin bu prosesdə iştirakdan imtina etdiyi bildirilir. “Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq prosesində aktiv iştirak edir, müntəzəm görüşlər keçirir”, deyə hesabatda vurğulanır.
Hesabatda 4,8 milyon Azərbaycan vətəndaşının səsvermədə iştirak edəcəyi, seçici siyahılarının sentyabrın 10-da dərc olunduğu əksini tapıb. Sənəddə, həmçinin qeyd olunur ki, sentyabrın 17-də təbliğat-təşviqat kampaniyasına start verilib, ölkədə KİV-in vəziyyəti ilə bağlı müəyyən narahatlıqlar var. Seçki Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar dövlət televiziyasında seçki kampaniyası aparmaq qadağandır, seçki ilə bağlı pulsuz proqramlar isə yalnız İctimai Televiziyada yayımlana bilər. Sentyabrın 5-dən ATƏT missiyası 7 telekanalın və 4 qəzetin monitorinqinə başlayıb.
Hesabatda o da bildirilir ki, Seçki Məcəlləsinə edilmiş dəyişikliklərə uyğun olaraq, şikayətlərin araşdırılması üçün xüsusi komissiyalar yaradılıb. Lakin bu komissiyalar, əsasən, fəaliyyətdə olan komissiyaların üzvlərindən və ekspert vəkillərdən təşkil olunub.