ATƏT-in Bakı Ofisinin rəhbəri QHT-lər haqqında qanununa təklif olunan əlavə və dəyişikliklərlə bağlı bəyanat verib

ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel “Qeyri-hökumət təşkilatları haqqında” qanununa təklif olunan əlavə və dəyişikliklərlə bağlı bəyanatla çıxış edib. Ofisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, B. Cankorel bəyanatında rəhbərlik etdiyi ofisin “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişikliklərin qəbul edilməsi ehtimalından narahatlığını ifadə edib, bunun ölkədə QHT-lərin fəaliyyətinə mənfi təsir edə, bununla da insanların birləşmə və fikri ifadə etmək azadlıqlarını məhdudlaşdıra biləcəyini bildirib:

“Beləliklə, biz hazırkı mərhələdə adı çəkilən qanun layihəsinin Parlamentdə müzakirəsinin təxirə salınmasını məqsədəuyğun sayırıq. Çünki təklif olunmuş əlavə və dəyişikliklər ATƏT-in öhdəlikləri və müvafiq beynəlxalq standartlara ziddir. Bundan əlavə, qeyd olunan qanunvericiliyin təsiri altına düşə biləcək tərəflərlə ictimai müzakirələrin keçirilməsi və müvafiq beynəlxalq ekspertlərlə məsləhətləşmələrin aparılmasının məqsədəuyğunluğuna inanırıq”.

Səfir onu da qeyd edib ki, əlavə və dəyişikliklərin ATƏT-in öhdəlikləri və müvafiq beynəlxalq standartlara cavab verməsini təmin etmək üçün, ehtiyac olarsa, ATƏT öz köməyini göstərməyə hazırdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO