ATƏT-in Bakı ofisi Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərini davam etdirəcək. “Müxalifətin Seçki Məcəlləsinə təkliflərini Mərkəzi Seçki Komissiyası və hakimiyyətlə müzakirə edəcəyik. Təbii ki, qanunların mükəməlləşdirilməsinin sonu yoxdur. Hər bir qanunda çatışmazlıq ola bilər”, – bazar ertəsi Trend News-a ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib.
Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyasının ötən il oktyabrın 15-də keçirilən prezident seçkisi öncəsi birgə müzakirələrindən sonra Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Əlavə və dəyişikliklərdə Azərbaycan müxalifətinin təklif etdiyi seçki komissiyalarının paritet əsasda formalaşdırılması əksini tapmayıb. Venesiya Komissiyası seçki komissiyalarının paritet əsasda formalaşdırılmasının vacibliyini vurğulayır.
“Seçki komissiyalarının paritet əsasda formalaşdırılması qeyri-mümkündür. Ən azından hazırkı Azərbaycan şəraitində qeyri-mümkündür, çünki Azərbaycanda siyasi təşkilatlar, siyasi partiyalar qanunun tələblərini, prinsipial razılaşmaları öz siyasi ambissiyaları, siyasi maraqları çərçivəsində daima pozurlar”, – daha öncə Trend News-a eksklüziv müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
Cankorel deyib ki, ATƏT Azərbaycanda hər kəsi daha çox məmnun edən, nöqsanları minimuma endirilmiş qanunların olmasının tərəfdarıdır. “Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – ATƏT rəsmisi vurğulayıb.