Trend-in ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə müsahibəsi.
– Almaniya və Azərbaycan arasında mövcud ikitərəfli siyasi əlaqələri necə qiymətləndirirsiniz? Almaniyanın yaxın gələcəkdə Azərbaycanla əlaqələrdə əsas prioritetləri nələr olacaq?
– Bizim üçün enerji resursları ilə zəngin olan Azərbaycan strateji Cənubi Qafqaz və Xəzər dənizi regionunda vacib tərəfdaşdır. 2015-ci ildə iqtisadi əməkdaşlığımız artdı və bu təkcə Almaniyanın Azərbaycandan xeyli həcmdə neft almasına görə deyil. Almaniya-Azərbaycan Ticarət Palatası çox fəaldır.
Bundan başqa, biz mədəni və humanitar mübadiləmizin genişləndirilməsində maraqlıyıq. Bizim səfirlik və Alman Mədəniyyət Mərkəzi Kapelhaus çoxlu mədəni tədbirlər, konsertlər və sərgilər keçirir. Azərbaycanın 9 məktəbində birinci xarici dil kimi alman dili tədris edilir və bizim azərbaycanlı tələbələr üçün bir neçə təqaüdlərimiz də var.
Bunların hamısı ikitərəfli əməkdaşlığımızın vacib vektorlarıdır və biz bundan sonra da onları inkişaf etdirmək niyyətindəyik. Biz istəyirik ki, Azərbaycan regionda sabitliyin vacib elementi olsun.
– Almaniya bu il ATƏT-də sədrlik edəcək. ATƏT ərazisində davam edən münaqişələri diqqətə alaraq Almaniya hansı formada Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllinə və sülh sazişi üzərində işə başlamağa yaxınlaşdıra bilər?
– Sədrliyimizin əsas istiqaməti dialoq və etimadın bərpa edilməsi, eləcə də təhlükəsizliyin bərqərar edilməsidir. Biz ATƏT çərçivəsində regional münaqişələrin həllinin tapılması cəhdlərinə aktiv diqqət yetirəcəyik. Lakin biz ATƏT-i açıq və konstruktiv dialoq üçün platforma kimi də inkişaf etdirmək istəyirik. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, düşünürük ki, bu yaxınlarda müşahidə etdiyimiz gərginliyin artması heç kimə sərfəli deyil. Buna görə də ATƏT-in sədri kimi ATƏT-in Minsk qrupunun münaqişənin həlli işində səylərini dəstəkləyəcəyik. Bu, bütün regionun sabitliyi üçün çox vacibdir və biz hər iki tərəfin konstruktiv yanaşmasına ümid edirik.
– Almaniya ATƏT-in sədri olaraq Türkiyə ilə Rusiya arasında gərgiliyin azaldılmasına necə köməklik göstərə bilər?
– Türkiyə ilə Rusiya beynəlxalq cəmiyyətin və ATƏT-in mühüm üzvləridir. Hər iki dövlət regionda sülhün və sabitliyin təmin olunmasında böyük məsuliyyət daşıyır. Bu ölkələr həmçinin Suriyada vətəndaş müharibəsinin qarşısının alınması, eləcə də İŞİD-ə qarşı mübarizədə beynəlxalq səylərdə mühüm rol oynayır. Buna görə də biz Türkiyə və Rusiyanı ikitərəfli münasibətlərdə yaranmış böhrandan konstruktiv çıxış yolları tapmağa çağırırıq.
– Hazırda Avropada qaçqın böhranı yaşanmaqdadır. Sizin fikrinizcə, bu böhrandan çıxış yolları hansılardır?
– Böyük sayda qaçqınlar bizim ölkələrimiz və cəmiyyətlərimiz üçün böyük sınaq və çağırışdır və biz bu məsələləri təcili həll etməliyik. Əlbəttə, biz sərhədlərimizin müdafiəsinin təmin edilməsi üzərində iş aparmalıyıq. Biz bu istiqamətdə Türkiyə ilə əməkdaşlıq edirik. Və biz əlimizdən gələni edirik ki, Suriyadakı vətəndaş müharibəsi kimi insanları öz ölkələrini tərk etməyə məcbur edən münaqişələrin həlli tapılsın. Bu o deməkdir ki, biz qaçqın probleminin yaranma səbəblərini aradan qaldırmalıyıq. Heç bir ölkə təklikdə bu problemi həll edə bilməz və bu istiqamətdə yekdil bir qərar yoxdur. Ona görə də biz həm Avropa daxilində, həm də Avropadan kənarda xarici tərəfdaşlarımız ilə birgə hərəkət etməliyik.