AŞPA və Avropa Parlamenti Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı birgə bəyanat yayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) xəbərlər portalında oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qurumun və Avropa Parlamentinin (AP) birgə bəyanatı yer almışdır.

Bəyanatda bildirilir ki, AŞPA və AP nümayəndə heyəti 2013-cü il oktyabrın 9-da Azərbaycanda prezident seçkilərini müşahidə etmişdir. Hər iki nümayəndə heyətinin rəhbərinin seçki kampaniyasının və səsvermənin sakit şəraitdə keçməsi ilə əlaqədar Azərbaycan xalqını təbrik etdiyi bəyanatda deyilir: “Biz Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin şahidi olduq. 2013-cü il prezident seçkilərinə çoxlu sayda beynəlxalq müşahidəçinin dəvət edilməsini yüksək qiymətləndiririk. Səsvermə günü seçki prosedurunun sakit və peşəkar şəraitdə keçməsi üçün bütün şərait yaradılmışdı”.

Nümayəndə heyəti seçkilərin yüksək texniki səviyyədə hazırlandığını alqışlamış, səsvermə günü seçki məntəqələrində və yaxınlıqda seçicilərə hər hansı müdaxilə halları ilə rastlaşmadıqlarını diqqətə çatdırmışdır.

Bəyanatda qeyd olunur ki, seçkiqabağı təşviqat debatları ötən seçkilərdən fərqli olaraq daha aydın və daha açıq aparılmışdır.

Müşahidə ilə bağlı hər iki təşkilatın ətraflı məlumatının yaxın iki həftə ərzində elan olunacağının qeyd edildiyi bəyanatda bildirilir ki, Avropa Parlamenti Şərq tərəfdaşlığı çərçivəsində və ikitərəfli münasibətlər əsasında Azərbaycan ilə əməkdaşlığı daha da möhkəmləndirməyə və inkişaf etdirməyə hazırdır.

Həmçinin vurğulanır ki, AŞPA da Azərbaycan ilə birgə əməkdaşlığı davam etdirəcəkdir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO