“ASAN” Xidmət Mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.
Mərkəzdən APA-ya verilən məlumata görə, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ , Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam rayonlarının sakinlərinə “ASAN” Səyyar Xidmət göstərilib.
Cari ilin 22 avqust – 5 sentyabr tarixində Lənkəran və Lerik rayonlarının ümumi sayı 300000-dən çox olan sakini “ASAN” Səyyar Xidmətdən Lənkəran rayonunda yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.