“Article 19” təşkilatının Azərbaycanda ifadə azadlığı ilə bağlı 2008-ci ilin yazından apardığı tədqiqatların nəticəsi olaraq hazırlanmış hesabat açıqlanıb. APA-nın məlumatına görə, bununla bağlı keçirilən mətbuat konfransında bildirilib ki, tədqiqat Azərbaycandan Yeni Nəsil Jurnalistlər Birliyi və Media Hüquqları İnstitutu ilə birgə həyata keçirilib. Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, tədqiqat 4 istiqamətdə – dövlət qurumlarına verilən sorğuların cavablandırılması, cəmiyyətin müxtəlif təbəqələrində sorğular keçirmək, ekspert və dövlət məmurları ilə müsahibələr və məhkəmələrdə ifadə azadlığı ilə bağlı qaldırılan iddiaların monitorinqi – aparılıb.
“Article 19” təşkilatının Avropa proqramları üzrə baş proqram rəhbəri Natali Losekoot bildirib ki, tədqiqatın keçirilməsi və hesabatın hazırlanmasında məqsəd Azərbaycanda “İnformasiya əldə etmək haqında” qanun qəbul olunandan sonra ölkədə informasiya azadlığının təmin edilməsi sahəsində mövcud vəziyyəti araşdırmaqdır. N. Losekootun sözlərinə görə, tədqiqat çərçivəsində dövlət qurumlarına ünvanlanan test sorğuların təxminən yarısı cavabsız qalıb. Bu nəticənin müsahibələr və keçirilən digər sorğularla üst-üstə düşdüyünü bildirən təşkilat nümayəndəsi hesabatda bir sıra tövsiyələrin də nəzərdə tutulduğunu qeyd edib: “Bizim bu tövsiyələri hazırlamaqda məqsədimiz odur ki, onlar kağız üzərində qalmasın, reallıqda tətbiq edilsin”. N. Losekoot həmçinin “İnformasiya əldə etmək haqqında” qanunun tətbiq olunması üçün mexanizmi olmadığını vurğulayıb.