Araz Əzimov: “Ermənistan tərəfindən istədiyimiz kompromisi, hazırlığı görmürük”

“Ermənistanın mövqeyində dönüş baş versə, Dağlıq Qarabağ münaqişəsi asanlıqla həll edilə bilər”. APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Nazir müavini bildirib ki, Azərbaycan Ermənistanın, doğrudan da, götür-qoy etməsini, həm öz, həm də regionun maraqlarına uyğun lazımı addımlar atmağa hazır olmasını çox istəyir.

“Azərbaycan və Ermənistan prezidentləri arasında Praqada və Sankt-Peterburqda keçirilən görüşlərdə hansı fərqlər oldu” sualını A. Əzimov “Bu suala cavab vermək mümkün deyil. Biz bir proses içindəyik. Bu proses yavaş sürətlə davam edir. Münaqişə və onunla bağlı problemlər olduqca mürəkkəbdir. Lakin Azərbaycanın tutduğu mövqe çox aydın və konkretdir. Azərbaycanın münaqişənin beynəlxalq prinsiplər əsasında həlli ilə bağlı mövqeyinin müdafiə üçün potensialı çox böyükdür”, – şəklində cavablandırıb.

A. Əzimov onu da deyib ki, Sankt-Peterburq görüşündən sonra növbəti addımların effektivliyi öncə Ermənistanın mövqeyinin inkişafından asılı olacaq: “Bu, münaqişənin həlli üçün üzərində işlədiyimiz və problemin həlli ilə bağlı əsas olan prinsiplərin razılaşdırılmasında bəzi çətin məqamların həlli üçün atılan konkret addımlardan ibarətdir. Bunların arasında bir neçə vacib məsələ var ki, onlar həmsədrlər tərəfindən təklif olunub. Azərbaycan bu təkliflərdən razıdır. Eyni zamanda Ermənistan tərəfindən biz istədiyimiz kompromisi, hazırlığı görmürük”.

Nazir müavini qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün gələn ay keçirilməsi gözlənilən olsa da, hələ dəqiq vaxt bəlli deyil. “Prezidentlərin ötən görüşündə irəliləyiş olmadığı halda, yenidən görüşməyə ehtiyac varmı” sualına cavab olaraq A. Əzimov bunları deyib: “İrəliləyiş olsaydı, siz bunu biləcəkdiniz. Onu əldə etmək asan olsaydı, edərdik. Burda müəyyən çətinliklər var. Tərəflər uzlaşma mərhələsinə çata bilmir. Danışıqlarda dönüş xarakterli dəyişikliklər baş verməlidir”.

Nazir müavini “ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəyişməsi gözlənilirmi” sualının cavabında isə bu məsələnin gündəlikdə olmadığını bildirib: “Həmsədrlərin dəyişməsi gündəmə gələ bilərmi, bu ehtimala əsaslanan məsələdir. Minsk Qrupunun həmsədrləri konsensus əsasında hərəkət etməlidir. Hazırda Minsk Qrupunun həmsədrləri və tərkibi ilə işimizi davam etdirməyə hazırıq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO