Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin “Aqo” Monitorinq Qrupunun 2009-cu il noyabrın 20-25-də Azərbaycan və Ermənistana səfəri ilə əlaqədar Qrup tərəfindən hazırlanan hesabat fevralın 3-də AŞ Nümayəndələr Komitəsinin iclasında müzakirə edilib və qərar qəbul edilib. Bu barədə Trend News-a çərşənbə günü Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib.
Sənəddə Qrup Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi isiqamətində, xüsusilə, milli qanunvericiliyin AŞ normaları ilə uyğunlaşdırılması istiqamətində əldə etdiyi tərəqqini alqışlayır.
Bununla yanaşı, Aqo qrupu tərəfindən Azərbaycan hakimiyyətini struktur islahatları və onların həyata keçirilməsinə xüsusi diqqət ayıtmaqla, seçki qanunu və praktikası, ifadə və KİV azadlığı, məhkəmə hakimiyyətinin müstəqilliyi, korrupsiyaya qarşı mübarizə,yerli özünüidarəetmə kimi vacib sahələrdə islahatların davam etdirilməsi və əlavə tərəqqiyə nail olunması tövsiyə olunur.
Sonda Nümayəndələr Komitəsi monitorinq qrupuna sıx dialoq yolu ilə Azərbaycan və Ermənistan tərəfindən əldə olunmuş tərəqqini izləməyə həvalə edir və Qrupun ölkələrin əldə etdiyi irəliləyiş baxımından öz fəaliyyətinin məzmununa dair qiymətləndirmə aparmaqla onu sözügedən ölkələrə növbəti səfərindən əvvəl nəzərdən keçirilməsi üçün onlara təqdim etməyi qeyd edir.
Qeyd edək ki, sözügedən hesabatın müzakirəsi 2009-cu ilin yanvarın 20-də nəzərdə tutulsa da, bəzi səbəblərdən fevralın3-nə təxirə salınmışdı. Hesabatın Azərbaycana aid hissəsində Bakıda müzakirə olunan məsələlər – seçki qanunu və praktikası, ifadə və KİV azadlığı, dini etiqad azadlığı, məhkəmə və penitensiar sistemlərin fəaliyyəti, 2009-cu il mart konstitusiya referendumunun nəticələri, yerli özünüidarəetmənin təşviq olunması və digər məsələlər əksini tapııb. Hesabatda həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca bənd var.