Aprel döyüşləri zamanı işğaldan azad edilmiş zirvələrə bayraq yürüşü təşkil olunacaq

Aprel döyüşləri zamanı işğaldan azad edilmiş zirvələrə bayraq yürüşü təşkil olunacaq9 Noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ərəfəsində Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Silahlı Qüvvələrdə “Bayrağım – varlığım, bəxtiyarlığım” devizi altında hərbi vətənpərvərlik hətəsinə start verilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, həftə ərzində Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də cəbhəyanı rayonların icra orqanları ilə birlikdə silsilə tədbirlər həyata keçiriləcək. Açıq səma altında Azərbaycanın tarixi bayraqları sərgisi təşkil olunacaq, bayraq haqqında şeir, mahnı və marş müsabiqələri keçiriləcək, şair və yazıçıların iştirakı ilə “Azərbaycan ədəbiyyatında bayraq” mövzusunda ədəbi-bədii gecə, “Heydər Əliyev və Azərbaycan bayrağı” mövzusunda dəyirmi masa, aprel döyüşləri zamanı işğaldan azad edilmiş Bayraqtəpə və Lələtəpə zirvələrinə bayraq yürüşü təşkil olunacaq.
Tədbirlərə övladlarının cənazələri üzərinə sərilmiş bayraqlarla gələn şəhid valideynləri və Azərbaycan Bayrağı ordeni ilə təltif olunan döyüşçülər ilə görüşlər və sair daxildir.
İlk tədbir Müdafiə Nazirliyi və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tərtər rayon Bayraq meydanında keçirilən möhtəşəm tədbiri layihə müəllifi polkovnik Abdulla Qurbani açaraq Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının və müstəqilliyinin müqəddəs rəmzlərindən olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verib, bu bayrağın yenidən qaldırılması üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində Naxçıvanda ilk dəfə olaraq Muxtar Respublikanın bayrağı kimi qəbul olunan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında geniş söhbət açılıb və möhtərəm prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bu bayrağın tezliklə Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və işğal alltında olan digər torpaqlarda dalğalanacağına əminlik bildirilib.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov belə bir şərəfli və qürurverici tədbirin məhz Tərtər rayonunda keçirilməsinə göstəriş verən Müdafiə Nazirliyinin rəhbərliyinə bütün tərtərlilərin minnətdarlığını bildirib və bu bayrağın etibarlı əldə olduğunu və ordu ilə xalqın bu bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıb.
Aprel döyüşlərinin qəhrəmanlarından olan polkovnik Polad Həşimov, kapitan Mirdaməd Bağıyev, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Valeh Rəcəbov, polkovnik-leytenant Vüqar Şıxlınski, şəhər gəncləri adından Ülviyyə İsmayıllı və başqaları çıxış edərək Azərbaycan bayrağının müqəddəsliyindən və bu bayraq uğrunda hər bir əmrə müntəzir olduqlarından danışıblar.
Gəncə qarnizonu zabitlər evinin bədii təşviqat qrupu və “N” hərbi hissəsinin hərbi orkestrinin ifasında bayraq haqqında marşlar və mahnılar təqdim edilib. Yüzdən çox bayrağın nümayiş etdirildiyi açıq səma altında Azərbaycan bayraqları sərgisində Midiya dövründən başlayaraq bu günümüzədək bayraqlar nümayiş etdirilib. Yüzlərlə tamaşaçı Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar, eləcə də, Azərbaycan xanlıqlarının: Gəncə, Bakı, İrəvan, Qarabağ, Şəki və s. bayraqlarına böyük maraqla tamaşa ediblər.
Sərgidə Xalq Cümhuriyyətinin Gəncədə qəbul edilən ilk bayrağından 1991-ci ildə qəbul edilən müasir üçrəngli bayrağınadək 9 bayraq nümunəsi, 77, 223, 402, 416-cı milli atıcı diviziyalarının və 1945-cilin mayında reyxstaqda dalğalanan qələbə bayrağı nümayiş olunub. Müasir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları və ilk hərbi paradda Azadlıq meydanında təqdim olunan Azərbaycan Xalq Cümhuriyyətinn döyüş bayrağı tamaşaçılarda böyük maraq oyadıb.
Tərtərlilər və bölgənin müdafiəsində mətin dayanan Vətən oğulları qələbə bayrağımızın tezliklə cənnət Qarabağımızda dalğalanacağı əminliyi ilə tədbirdən ayrılıblar.
Silahlı Qüvvələrdə bayraq gününə həsr olunmuş hərbi vətənpərvərlik həftəsi davam edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO