Bunu AŞPA sədri Mövlud Çavuşoğlu qurumun yay plenar sessiyasının ilk iş günündə keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü, Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə dair verilən suala cavabında deyib.
“Rusiya prezidenti Dmitri Medvedev bu görüşə sədrlik edəcək. Heç kim prezidentlərin bu görüşündə münaqişənin həllinə dair müqavilənin imzalanmamasına sevinə bilməz. Biz bu kontekstdəki irəliləyişlərdən məmnunluq hissi keçiririk”, – Çavuşoğlu deyib.
AŞPA sədri Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə münasibət bildirərkən qeyd edib ki, qurumun qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir.
“Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə gəldikdə, onu deyə bilərəm ki, Assambleya məsələ ilə bağlı çoxlu tövsiyə, qətnamələr və hesabatlar qəbul edib. Assambleya hamını – nümayəndə heyətlərinin üzvlərini və üzv ölkələri razı sala bilməz. Bir şeyi bilmək lazımdır ki, biz Assambleyanın qəbul etdiyi tövsiyə və qətnamələrin tətbiq olunmasında qətiyyətliyik”, – Çavuşoğlu qeyd edib.
İyunun 24-də Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.