AzərTAc-ın xüsusi müxbiri Avropa Şurasının saytına istinadla xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin beş deputatdan ibarət seçkiqabağı missiyası oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlığın vəziyyəti ilə yaxından tanış olmaq üçün Milli Məclisin sədrinin dəvəti ilə sentyabrın 16-dan 18-dək ölkəmizdə səfərdə olmuşdur.
Missiya seçkilərə hazırlığın yaxşı təşkil edildiyini qeyd etmiş və bunun səsvermə prosesinə müsbət təsir göstərəcəyini bildirmişdir.
Nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinin demokratik və tam şəffaf keçiriləcəyinə, ölkənin gələcək inkişafını müəyyənləşdirəcək belə mühüm hadisədə hamının mütəşəkkil iştirak edəcəyinə böyük inam bəslədiyini vurğulamışdır.
Missiya hazırlığın gedişi zamanı qurumun Venesiya Komissiyasının əksər tövsiyələrinin nəzərə alındığını müsbət hal kimi vurğulamış, ölkəmizdə artıq yüksək seçki təcrübəsinin əldə edildiyini göstərmişdir.
Nümayəndə heyəti prezidentliyə 7 nəfərin namizədliyinin göstərilməsini ölkədə demokratik islahatların uğuru kimi diqqətə çatdırmış və bu vəziyyətin seçkilərin obyektiv keçirilicəyi fikrini qabaqcadan söyləməyə əsas verdiyini qeyd etmiş, eyni zamanda, beş müxalifət partiyasının seçkilərdə iştirak etməmək qərarından təəssüf hissi keçirdiyini bildirmişdir.
Qeyd edilmişdir ki, bu siyasi partiyalar və onların rəhbərləri hətta seçkilərdə qələbə qazanmaq perspektivlərini görmədikləri halda belə, öz tərəfdaşlarının marağı naminə seçki marafonunda iştirak etməli idilər.
Missiya bütün partiyaları, o cümlədən seçkilərdə iştirak etmək istəməyən partiyaları seçki prosesinə ciddi yanaşmağa və məsələyə aydınlıq gətirmək üçün dialoqa dəvət etmişdir. Aralarında fikir ayrılığına baxmayaraq, bütün siyasi partiyalar münasibətlərini konstruktiv danışıqlar yolu ilə aydınlaşdırmalıdırlar.
Səfər çərçivəsində AŞPA-nın Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyası Prezident İlham Əliyevlə, Azərbaycan parlamentinin sədri, prezidentliyə namizədlər, müxalifət partiyalarının rəhbərləri, daxili işlər naziri, Konstitusiya Məhkəməsinin sədri, diplomatik korpusun, KİV və ictimaiyyətin nümayəndələri ilə görüşmüşdür.
Azərbaycan üzrə həmməruzəçi A.Herkelin başçılıq etdiyi missiyaya İndrek Saar (Estonya), Mövlud Çavuşoğlu (Türkiyə), Pol Vil (Belçika) və Hakki Keskin (Almanya) daxildirlər.
AŞPA-nın 30 müşahidəçidən ibarət nümayəndə heyəti Azərbaycanda prezident seçkilərinin gedişini izləmək üçün oktyabrda Azərbaycana yola düşəcəkdir.