AŞPA Monitorinq Komitəsi Azərbaycanla bağlı hesabatın son variantını təsdiqləyib

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin bu gün Parisdə keçirilən iclasında Azərbaycan üzrə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramuntun Azərbaycana etdikləri son səfərlərinin nəticələrinə dair məruzələri, Azərbaycan tərəfinin fikirləri dinlənilib və Azərbaycanın öhdəliklərinə dair qətnamə layihəsi müzakirə olunaraq, sənədin komitə mərhələsində son variantı təsdiq edilib.

APA-nın Parisə ezam olunmuş Avropa bürosunun əməkdaşının verdiyi məlumata görə, Azərbaycan tərəfini bu iclasda AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Elxan Süleymanov təmsil ediblər.
Hesabatda Azərbaycanın geopolitik, sosial və iqtisadi vəziyyəti, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycannın son zamanlar imzaladığı və ratifikasiya etdiyi Avropa Şurasının Konvensiyaları və Avropa İttifaqı ilə münasibətlərinə dair müddəalar var. Bundan başqa ölkədə plüralist demokratiya, hüququ dövlət, insan hüquqları və fundamental azadlıqların vəziyyəti də hesabatda geniş şəkildə əks olunub. Sənədin 3-cü bəndində Azərbaycanın geopolitik vəziyyətinə və xüsusən də Dağlıq Qarabağ münaqişəsinə toxunulub və hesabatın bu bəndində sadəcə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin olduğu qeyd edilib.

Komitənin bugünkü iclasında Azərbaycanla bağlı məruzə ətrafında müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov DQ münaqişəsi ilə bağlı 3-cü bəndin sonuna aşağıdakı əlavəni irəli sürüb. “Assambleya təəssüflənir ki, bu danışıqlar indiyə qədər heç bir nəzərə çarpan nəticə əldə etməyib, hərbi işğalı pisləyən BMT, AŞPA, Avropa Parlamenti və ATƏT-in müvafiq qətnamələri indiyədək icra edilməyib və 20 ildən bəri bir milyona yaxın Azərbaycanlıların hüquqları pozulmaqdadır”. Qızğın gedən müzakirələrdən sonra Azərbaycan tərəfinin təkidi ilə bu əlavə qəbul edilib.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO