Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açıqlamasında deyib.
S. Seyidov bildirib ki, “Azərbaycan və bizim mövqe ilə bölüşən digər ölkələrin səyi ilə hazırlanan bu sənəddə Avropada fəaliyyət göstərən atom stansiyalarının region və qitə üçün hansı təhlükə mənbəyi olduğu əks olunacaq. Bu sənədə Metsamor stansiyasının adı da salınacaq. Xüsusən Yaponiyadakı son faciədən sonra hamı bu kimi stansiyaların insanlıq üçün hansı fəlakətə səbəb olacağını yaxşı dərk edir. Ona görə, Ermənistandakı Metsamor atom stansiyasının fəaliyyətinin dayandırılması və bağlanılması tələb olunacaq”.
Millət vəkili nəinki Azərbaycanın, həm də bütün region ölkələrinin hələ sovet dövrünün texnologiyası ilə inşa edilmiş bir atom stansiyasının seysmik zonada yerləşməsinin nə demək olduğunu təsəvvür etdiklərini deyib. Onun sözlərinə görə, iqtisadiyyatı tənəzzül edən Ermənistan bu stansiyaya xidmət etmək iqtidarında deyil. Səməd Seyidov qeyd edib ki, indi sənədin hazırlanması istiqamətdə iş gedir və sənədin yaxın zamanlarda müzakirəyə çıxarılacağı güman olunur.