Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında yanvarın 25-də əməkdaşlıq sazişi imzalanıb.
Trend-in məlumatına görə, saziş ANAMA direktoru Nazim İsmayılov və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak tərəfindən imzalanıb.
Əməkdaşlıq sazişinin bağlanması ilə ANAMA və BMqT mina aksiyası üzrə həyata keçirilən əlaqələri rəsmiləşdirib.
Sazişdə tərəflərin milli və beynəlxalq səviyyədə bir sıra sahələr üzrə qarşılıqlı əməkdaşlıq etmələri nəzərdə tutulur.
Bu əməkdaşlığa mina aksiyası ayrılıqda bir fəaliyyət kimi (I) toplanmış sursatların məhv edilməsi, (II) mina təmizləmə, (III) minadan zərərçəkənlərə yardım, reabilitasiya və reinteqrasiya, (IV) məlumatlandırma, (V) mina təhlükəsinə dair maarifləndirmə, o cümldən mina aksiyasının daha geniş inkişaf layihələri və proqramlarına inteqrasiyası: (I) sülh quruculuğu və dəstək; (II) humanitar yardım; (III) münaqişədən sonra yenidənqurma; (IV) inkişaf daxildir.
Qeyd edək ki, 2007-ci ildən etibarən BMqT ilə ANAMA minadan zərərçəkənlərə yardım sahəsində sıx əməkdaşlıq edir. Belə ki, ANAMA və BMqT “Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiya” Proqramını 2007-2012-ci illər ərzində uğurla həyata keçirib. Bu Layihə Avstriya İnkişaf Agentliyi, Beynəlxalq Etimad Fondu, Slovenia Dövləti, Korea Respublikası, Bakı Rotary Club və digər donorlar tərəfindən maliyyələşdirilib.
Trend.az