MM-in Elm və təhsil komitəsinin üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsində hüquqi-normativ sənədlər baxımdan müəyyən yeniliklər var: “Məsələn, yeni sistem əsasında ali təhsildə bakalavr pilləsinə keçmişik. Köhnə təhsil sistemində bir tələbə üç akademik borcu olduqda, məktəbdən xaric olunurdu. Amma indi göstərilmir ki, tələbənin nə qədər akademik borcu olduqda xaric olunur. Hazırda bu məsələnin hüquqi həlli hazırlanır. Bundan əlavə, əgər tələbə dövlət sifarişi ilə oxuyursa, çoxlu borcları varsa və təqaüd alırsa, ona təqaüd verilməməlidir. Çünki artıq dövlətdən pulunu alıb və 6 ay istifadə edib. Digər məsələ odur ki, tələbə IV kursu bitirib, amma onun II kursdan kredit borcu qalıb. Tələbə əsgərliyə getsin, yoxsa kredit borcunu versin? Bu məsələ də həll olunmamış qalıb. Çox ziddiyyətli məsələlər var ki, bunlarla bağlı hazırda normativ sənədlər hazırlanır və həll olunur”.
A. Məhərrəmov onu da deyib ki, ümumilikdə “Ali təhsil haqqında” qanun layihəsində çərçivə qanunundan, yəni “Təhsil haqqında” qanundan kənara çıxma olmayacaq və radikal dəyişikliklər edilməyəcək.