Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın ötən dövrdə əldə etdiyi sosial-iqtisadi inkişaf dinamikasının davam etdiyini diqqətə çatdırıb: “Qlobal iqtisadi böhranın kəskinləşməsinə, regionda geosiyasi və iqtisadi gərginliyin artmasına baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu islahatlar kursu ölkədə makroiqtisadi vəziyyətin mənfi xarici iqtisadi təsirlərdən qoruna bilməsinə şərait yaradıb. Dünyada iqtisadi tənəzzül mövcud olduğu halda milli iqtisadiyyatın nəinki dayanıqlığı, hətta ötən il 1,1 faizlik artımı təmin edilib. Xüsusən uğurlu iqtisadi difersifikasiya proseslərinin müsbət davamı kimi, qeyri-neft sənayesi 8,4 faiz artıb və hazırda onun ölkənin ümumi daxili məhsulunda payı 70 faizə çatıb. Həmçinin keçən il bu sektor üzrə büdcə daxilolmaları 9,5 faiz çoxalıb, qeyri-neft məhsulları ixracında isə 3,6 faiz artım özünü göstərib”.
Nazir sosial sahə üzrə bütün proqramların icrasının uğurla davam etdirildiyini, əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində növbəti addımlar atıldığını qeyd edib: “Təkcə ötən il dövlət büdcəsindən sosialyönümlü xərclərə yönəldilən vəsaitin həsmi 2014-cü illə müqayisədə 5 faiz çox olub ki, bu da dövlət siyasətinin sosialyönümlü olduğunu bir daha təsdiq edir. Son günlərdə isə dövlət başçısının imzaladığı müvafiq sənədlərlə sosial cəhətdən həssas qruplara yönələn sosial ödənişlərin, əməkhaqlarının və s. növbəti dəfə artırılması təmin olunub”.
S.Müslümov bildirib ki, dövlət başçısının müəyyən etdiyi yeni iqtisadi siyasətin də məqsədi artıq postneft dövrünü yaşadığımız indiki dövrdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və yeni iş yerlərinin açılması prosesinin daimi xarakter alması, habelə islahatlar prosesində əhalinin güclü və inkluziv əsaslara söykənən sosial təminat sistemi ilə əhatə olunmasıdır: “Azərbaycan hökuməti ilə AİB arasında artıq uzun müddətdir ki, uğurla davam edən əməkdaşlıq da məhz qeyri-neft sahələrini əhatə edir və ölkədə sosial infrastrukturun inkişafına öz töhfələrini verir. Bununla bərabər, AİB-in məcburi köçkünlərlə bağlı icra etdiyi sosial layihələr, göstərilən praktik yardımlar da təqdirəlayiqdir. Təşkilatın təsdiq etdiyi 2014-2018-ci illər üzrə “Ölkə partnyorluq strategiyası” da əməkdaşlıq müstəvisində ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinin, özəl sektorun inkişafının, habelə əhalinin aztəminatlı təbəqəsi ilə bağlı tədbirlərin, sosial müdafiə sistemində inkluziv yanaşmaların tətbiqinin dəstəklənməsi baxımından əhəmiyyət kəsb edir”.
Azərbaycanda əmək və sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verən S.Müslümov AİB ilə bu sahələrdə əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu bildirib.
AİB nümayəndə heyətinin rəhbəri Covanni Kapannelli Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində icra olunan layihələrdən, onların müsbət nəticələrindən bəhs edib. O, Azərbaycanda əmək və sosial müdafiə sahəsində həyata keçirilən islahatlara da dəstək verməyə hazır olduqlarını bildirib.
Görüşdə makroiqtisadi sabitliyin saxlanılması şəraitində inkluziv sosial inkişafın təmin olunması, bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.