ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilən son parlament seçkiləri ilə bağlı bəyanat yayıb.
Departamentin yaydığı bəyanatda ABŞ Dövlət Departamenti ATƏT-in sözçüsü rolunda çıxış edir və seçkilərdən daha çox DTİHB-nin müşahidə aparmamasından narazılığını dilə gətirir. Bu isə öz növbəsində parlament seçkiləri öncəsi ABŞ-a bağlı beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamenti və ATƏT DTİHB-nin Azərbaycanla bağlı mövqelərinin vahid mərkəzdən idarə olunduğuna şübhə yeri qoymur.
Əvvəla, Mərkəzi Seçki Komissiyası parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna müraciət göndərmişdi. Lakin qurum bu məsələni ATƏT Parlament Assambleyasının daimi komitəsində müzakirəyə çıxarmadan və ATƏT-in baş katibini məlumatlandırmadan öz mandatını kobud şəkildə pozaraq, parlament seçkilərini müşahidə etməmək barədə qərar qəbul etdi.
Ardınca ATƏT PA-nın Demokratiya və insan haqları komitəsinin sədri İzabel Santos seçkiləri və onun nəticələrini gözləmədən Azərbaycan iqtidarının ünvanına sərt ittihamlar səsləndirdi. Onun “Ölkə rəhbərlərini vətəndaşlar və beynəlxalq ictimaiyyətlə işləməyə, açıq və səmimi dialoq aparmağa, nəticə etibarilə ölkədə insan haqları və hüququn aliliyini bərpa etməyə çağırıram” bəyanatı aydın şəkildə ortaya qoyurdu ki, İ.Santos siyasi sifariş icra edir və seçkiöncəsi onun qara-piar xarakterli bəyanatı təsadüfi deyil.
ABŞ seçkiləri müşahidə etməkdən imtina edən bir təşkilata görə, Azərbaycan hökumətini ittiham edir. Nə öz nümayəndələrinin, nə də bilavasitə nəzarətində saxladığı qurumların izləmədiyi, müşahidə etmədiyi seçkilərlə bağlı saxta və əsassız mövqe nümayiş etdirir. Bununla elan etdiyi dəyərlərə, “sərhədsiz azadlıq” və “demokratiya” dəyərlərinə qarşı çıxır. Məhz ABŞ-ın ikili standartlarla sərgilədiyi fəaliyyəti üzündən “insan haqları” mövzusu daha da nüfuzdan düşür.
ABŞ Dövlət Departamentinin son bəyanatı bu böyük dövlətin dünyanı nəzarətə almaq urğunda apardığı mübarizənin tərkib hissəsidir.
Amerika fikirdə demokratik dəyərlərdən danışsa da, reallıqda öz “təsir zolağı”nı genişləndirməyə çalışır. Azərbaycanın son dövrlər dünyada artan rolunu və regiona həlledici təsir imkanlarını nəzərə alıb, geri çəkilməyə təhrik etmək istəyir. Heç şübhəsiz Azərbaycan hazırki siyasi şəraitdə ABŞ-ın diktəsi ilə oturub-dursaydı, “Ağ Ev”in və ona bağlı təsisatların seçkilərlə bağlı mövqeyi tamam fərqli olacaqdı. Hətta onlar çoxminlik müşahidəçi ordusu ilə seçkiləri müşahidə edib, parlament seçkilərini “demokratiya istiqamətində irəliyə dorğu addım” kimi qiymətləndirəcəkdilər.