2012-ci ildə ABŞ ordusunda intiharların sayı bir il əvvələ nisbətən 15 faiz artıb. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, il ərzində Silahlı Qüvvələrdə 349 hərbçi intihar edib. ABŞ Ordusunda 182, Hərbi Dəniz Qüvvələrində 60, Hərbi Hava Qüvvələrində 59, dəniz piyadaları korpusunda isə 48 nəfər özünü öldürüb.
Müqayisə üçün qeyd edək ki, ötən il Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda ABŞ ordusu 237 nəfər itki verib. “Reuters” bildirir ki, hətta Əfqanıstan hüdudlarından kənarda hərbi əməliyyatlar zamanı həlak olanların sayını əlavə etdikdə ümumi itkilərin sayı intihar hadisələrinin sayından çox deyil.
ABŞ ordusunda ilk kütləvi intihar halı 2001-ci ildə Əfqanıstana ilk hərbi birləşmələr göndərilən zaman baş verib. Silahlı Qüvvələrdə 2008-ci ildə 128, 2007-ci ildə 115, 2004-cü ildə 67 intihar hadisəsi qeydə alınıb.
Bəzi hesablamalara görə hər 80 dəqiqədə bir nəfər ordudan tərxis olunmuş şəxs intihar edir.
Apa.az